Dərvişin "Günəş Nağılı"

  • 15:47
  • 0 yorum


          Sizə danışacağım hekayəni çox uzun zaman öncə bir dərviş mənə danışmışdı. Hekayəni dərvişin dili ilə danışacam.
          Qədim zamanlarda bir gün insanlar Günəşi şimaldan doğarkən gördü. Günəş heç vaxt bu qədər parlaq, bu qədər yaxın olmamışdı. Günəş o qədər parlaq idi ki, getdiyi hər yerə aydınlığa qərq edirdi. Kasıb, işçi insanlar ilk dəfə idi ki, başlarını qaldırıb səmaya, günəşə, buludlara baxırdı. O qədər torpağa baxmışdılar ki, artıq gözləri torpaqdan başqa heç nəyi qavraya bilmirdi. Günəş onların gözünə nur verdi. Günəşin bu torpaqlara gəlişi, varlı insanları narahat edirdi. Çünki indi bütün insanlar onların meşşan, rahat vəziyyətini görürdü. Heç bir iş görmədikləri halda, hər şeyə sahibidilər onlar. İşçilər isə, bütün işləri gördükləri halda, heç nəyə sahib deyildilər. Artıq Günəşin sayəsində hər şey “Gün işığı”na çıxmışdı. Günəşin yardımı ilə insanlar varlı və vicdansız varlıqları ölkədən qovdular. İnsanlar Günəşdən burda qalmasını, onlara kömək etməsini istədilər. Günəş onlarla qalmağa razılaşdı.
          Günəş insanlara hamının bərabər və xoşbəxt yaşayacağı bir dövlət qurdu. Günəş xalqa ilk öncə elm öyrətdi. Artıq ölkədəki hər kəs oxuyub yazmaq bilirdi.
Şimaldan doğan nur hər gün parlaq şəfəqləri ilə səmada “Ağıl, vicdan və ləyaqət” yazırdı. İnsanlara sadəcə bu üç şeyi məsləhət görürdü. İnsanlar öz dövlətlərini Günəş Ölkəsi adlandırdı.  Sonra Günəş insanlara elm ocaqları yaratmağı öyrətdi. Orda insanlar pulsuz oxuyur, elm sahibi olurdular. Günəş insanlara xəstəxanlar tikməyi öyrətdi. Hər kəs orda pulsuz müalicə ala bilirdi. Günəş insanlara xeyirxah olmağı öyrətdi. Onlara paylaşmağı öyrətdi. Artıq Günəş Ölkəsində heç kim ac yatmırdı. Artıq heç bir evdən gecə ağlamaq səsləri eşidilmirdi. Günəş insanlara azad olmağı öyrətdi. Heç kimə boyun əyməməyi öyrətdi. Günəş Ölkəsində Günəş canişi ilə fəhlə eyni hüquqlara malik idi. Günəş ölkəsində yaşayanlar evlə təmin olunurdu. Artıq heç kim soyuq qış gecələrində üşümürdü. Günəş ölkəsində hər kəs xoşbəxt və bərabər yaşayırdı.
          Günəş insanlara hər şeyi öyrədəndən sonra yavaş-yavaş sönməyə başladı. Lakin Onun insanlara öyrətdikləri yaşayırdı. Günəşi sevməyən varlıların içində o söndükdən sonra belə nifrət var idi. Günəşin yoxluğundan istifadə edib Günəş ölkəsini məhv etmək istəyirdilər. İlk öncə ona müharibə elan etdilər. İşıqlı ideallara sarılan xalq məğlub olmadı. Sonra Günəş ölkəsini içdən məhv etməyə başladılar. İşıqlı Günəş ideallarını yavaş yavaş dəyişdirməyə başladılar. Ölkənin başına Xallı adlı saxta günəş şəfəqinə bürünmüş qaranlıq şahzadəsi gəldi. Ölkəni Qaranlığın Sahibinə, Şərin padşahına satdı. Günəşin insanları artıq məhvə doğru getdi. Ölkəni şər bürüdü. Artıq heç nə o xoşbəxt vaxtdakı kimi deyil. İnsanların arzuladıqları gələcək əslində onların keçmişindədir.

0 yorum:

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine